Qaraqan - Dost lyrics

Published

0 1158 0

Qaraqan - Dost lyrics

[ Verse 1 ] Uşaqlıq dostları, indi sanki yad planetlər Günahkar tale idi, biz əlində marianetlər Sənin sükutun bütün suallarıma cavab idi Uşaqlıq arzuları yalançı bir qanad idi İndi karyera, diplom, praktikalar, sessiya Həyatımız gülüşlərdə dolu zərif aqressiya Mənim içimdə nifrət və yəqin özümə qarşı Üzümə ağırlıq verirdi baxışların daşı Güya tale qardaşı, yəqin ki çıxdıq ögey Həyat belədir, fikir verməyək, öyrəşək, dözək Və hər salamda əlimə əsir şimal küləklərin Gör həyat kimlərə çevirdi bizi, gör biz neylədik Buraxdığımız səhvlər, çoxu bilərək, qəsdən Nə qaldı sevgidən, sevincdən, gülüş, həvəsdən? Sənin gülüşün üçün gərəkdir tüstü dolu qədəhlər Mənim gülüşüm üçün gərəkdir yəqin ölü mələklər Ya da dünyanın axırı, bir az gülümsəmək üçün Çağırmamışam səni pisləmək üçün, deyinmək üçün Sadəcə yeni maska almışam və geyinmək üçün Baxıram sənə düzgün, axı sən mənim güzgüm, dost [ Chorus ] Dön, bir anlıq bax özünə güzgüdə Gör necə dəyişdin bu son illərdə Heç nə qalmadı o təmiz gözlərdən Qaraldıqca qaraldı Say, neçə ili keçmişə bağışladın? Yarpaqlar ağaclardan töküldükcə Gücün artıb çoxalsa da saçların Ağardıqca ağardı [ Verse 2 ] Günlər keçir, yeni tanışlar və hadisələr Hər dəfə kimsə gəlir, sonra birdən gedirlər Və bir gün anlayanda tək olduğunu bu həyatda Qəfəs açıq olsa da uçmaq olmur tək qanadla Biz sanki həyat inqubatorunda şəxsiyyətlər 8 saatlıq işlər, bir aylıq məzuniyyətlər Və dövlət qarşısında borclarımız, məsuliyyətlər Biz axı belə deyildik? Çəkdiyimiz əziyyətlər Oxuduğumuz kitablar, deməli, hamısı boşdur Neyləmək olar? Həyat - sevgi, sevgi - pul, pul - işdir Beləcə sürünürdük dolanmaq üçün birtəhər Şəhzadə axtarırdıq, tapdığımız fahişələr Zaman sürətli qatar, ünvansız, dayanacaqsız Ürək mühərrikləri, siz də bir gün dayanacaqsınız! İki dostun sükut söhbətində mimikalar Yarımçıq jestlər, sanki, qəmli lirikadan Mən sənə bağışladım uşaqlığının intiharını Cəmiyyətin çəkici ilə qırdığın xoş arzularını Bu sənin cizgilərin, izlər altında qarın Və inan, özümünkü tək hiss edirəm ağrılarını, dost [ Chorus ] Dön, bir anlıq bax özünə güzgüdə Gör necə dəyişdin bu son illərdə Heç nə qalmadı o təmiz gözlərdən Qaraldıqca qaraldı Say, neçə ili keçmişə bağışladın? Yarpaqlar ağaclardan töküldükcə Gücün artıb çoxalsa da saçların Ağardıqca ağardı