[VERSE: 1]
Bəzən kömək olmur ötüb gedən günlər belə
Nə qədər ağladığımı, yəqin, qərənfillər bilər
Bu ağrı çox acıdır, dadmasan, anlamazsan
Gecələr içini dəlib, deşib, keçər düşünərsən, yaşamazsan
Gözünü yuman kimi gələr dayanar önündə
Söhbət də gedə bilməz bu itkidə ölümdən
Nə qədər yalvarmışam Allaha ki, ölüm mən
Neçə ildir yaşayıram gör bu zülümlə
Geriyə çevirmək olmur, zaman uçur
Bundan da böyük ağrı varmı ana üçün?
Deyirlər – “vaxt gətirər bütün yaralara köz”
Mən bildim bu neçə ildə, bu deyil düz
Yəqin ki, bu da həyatın ayrıca bir naxışı
Gözümün önündən getmir qapıdan çıxışı
Öpdü alnımdan. “Qayıdacam” – dedi
Gözümə baxanda, gördüm ki, vidalaşır
[Chorus: Aqşin Abdullayev]
Ana, sil göz yaşını
Sən ağlama
Vətən var olsun!
Həsrət qalan kəslərə
Qoy hər zaman Tanrı yar olsun!
[VERSE:2]
Tez-tez qapımı döyürdü əlaqədar təşkilatlar
Bayram günlərində uşaqlara şirniyyatlar
Hər gün gedib gəldiyim yollar eyniydi
Xəbər tutdu sürücülər, pulsuz oldu nəqliyyat da
Elə bil, hamı çalışırdı bölməyə dərdi
Bu millət yaxşı bilir, xeyir nədi, nə şərdi
Uşaqlar saxladı məni bu illər həyatda
Yoxsa, onun arxasınca mən də gedərdim
Döyüş başlayanda, biz Moskvadaydıq
Bir gün gəldi, dedi – “vaxtdır artıq qayıdırıq
Vətən dardadırsa, gərək burda qalmayaq biz
Bakıda çətin olacaq, amma ki, uyğunlaşarıq”
Bakıya qayıdanda, 2-ci uşağa hamiləydim
O könüllü döyüşə yazılanda, nə biləydim
Daha döyməz bu evin qapısını bir daha?!
Həmişə ümidlə baxan adam idim sabaha
Amma içimdən bir səs deyirdi – “qoyma getməyə”
Onda vəziyyət başqaydı, saxlaya bilmədim
Qara xəbər gələndə, xatırladım sözlərini
Qürürlandım, amma ağlaya bilmədim
[Chorus: Aqşin Abdullayev]
Yarım, sil göz yaşın
Sən ağlama
Vətən var olsun!
Həsrət qalan kəslərə
Qoy hər zaman Tanrı yar olsun!
[VERSE: 3]
Uşaqlıq xatirələrim bölünür iki yerə:
Əvvəli biraz bulanıq, amma atalı
Sonra təkrarlanan ana gözyaşı
Çətinlik, məşəqqət, qayğılı-qadalı
Atamı çox soruşardım o illər anamdan
Bezmədən hər dəfə deyərdi ki, qayıdacaq
Heç vaxt düşünməzdim bu sözlər yalandı
Və illər keçdikcə, zaman bizi ovudacaq
Atamın şəhid olduğunu məktəbdə uşaqlar deyəndə
Əvvəl elə bilmişdim, bu hərbi rütbədir
Anamdan soruşanda ki, şəhid nədir?
Həyacandan çaşıb demişdi – “atan əsgərlikdədir”
Amma sonra çökərək qarşımda diz üstə
Qucaqlayıb izah edəndə mənə hər şeyi
Gözlərim doldu, görəndə anamı qəhər boğub
Ağlamaqdan başqa bilmədim neyləyim?!
[Chorus: Aqşin Abdullayev]
Qızım, sil göz yaşın
Sən ağlama
Vətən var olsun!
Həsrət qalan kəslərə
Qoy hər zaman Tanrı yar olsun!